18.07.2007

Fərhad Əliyev məhkəmədən qardaşı Rafiq Əliyevin həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib


Tofiq Paşayev məhkəmə istintaqının araşdırma mərhələsində olduğunu əsas gətirərək vəsatəti rədd edib


Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı - «Azpetrol» Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə keçirilən prosesdə hakim Tofiq Paşayev «Azpetrol» Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin vəkilləri Əlimardan Sadıxov və Muxtar Mustafayevin müdafiə etdikləri şəxsin həbsdən azad edilməsiylə bağlı qaldırdıqları vəsatəti müzakirəyə çıxarıb.Müzakirələr zamanı əksəriyyət vəsatətin təmin edilməsini tələb edib. Sabiq iqtisadi inkişaf nazir F.Əliyev isə çıxışında bildirib ki, qardaşı R.Əliyev və həbsdə olan digər şəxslər ona görə məsuliyyətə cəlb olunublar: «Buna görə də, R.Əliyevin haqqında həbs qəti-imkan tədbirinin mümkünsə dəyişdirilməsini və ya ev dustaqlığı ilə əvəz edilməsini xahiş edirəm. Orada əyləşən hər kəs üçün veriləcək cəzanı çəkməyə hazıram». Dövlət ittihamçısı Nazir Bayramov qaldırılmış vəsatətin təmin edilməməsi yönündə çıxış edib. O, bildirib ki, qərarın dəyişdirilməsiylə bağlı tələb düzgün deyil. Bir saatlıq müşavirədən sonra hakim Tofiq Paşayev məhkəmənin qərarını açıqlayıb. Məhkəmə hesab edib ki, hazırkı mərhələdə bu vəsatət müzakirə edilə bilməz: «Məhkəmə istintaqı araşdırma mərhələsində olduğundan vəsatət rədd edilsin». Daha sonra hakim T.Paşayev Fərhad Əliyevin vəkili İsaxan Aşurovun müdafiə etdiyi şəxsin müalicə almasıyla bağlı vəsatətə münasibət bildrib: «Bununla bağlı təqsirləndirilənin saxlandığı təcridxananın rəhbərliyinə müraciət olunmalıdır. Məhkəmənin buna heç bir etirazı yoxdur». Daha sonra şahd ifadələrinin dinlənilməsi elan olunub. Lakin sabiq iqtisadi inkişaf nazirinini prosesdə cəmi bir vəkillə təmsil olunması prosesin təxirə salınmasına səbəb olub. F.Əliyev bildirib ki, vəkili Elton Quliyevin prosesdə iştirak etməsi vacibdir. Proseses saat 14-00-dək təxirə salınıb.

9.05.2007

"Jurnalistlərə qarşı zorakılıq halları ciddi şəkildə araşdırılmalıdır"

ABŞ Azərbaycanda beş jurnalistin həbsdə olması ilə bağlı beynəlxalq ictimaiyyətin keçirdiyi narahatlığı bölüşür. Biz inanırıq ki, jurnalistlərə qarşı zorakılıq halları, onların döyülməsi, hədə-qorxu gəlinməsi, təqibi və öldürülməsi faktları ciddi şəkildə araşdırılmalıdır».
Mayın 8-də ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders jurnalistlərlə söhbətində belə deyib. O, bildirib ki, ölkəsi Azərbaycan hökumətinin böhtanla bağlı maddəni Cinayət Məcəlləsindən (CM) çıxarması yönündə çağırışlarını davam etdirəcək.
Xanım Ders ümid edir ki, hökumət, qeyri-hökumət təşkilatları və cəmiyyət bir yerdə ölkədə azad sözün təmin olunması, mətbuatın inkişafı, bu sahədə peşəkarlığın artırılması yönündə səylərini artıracaq: «Azərbaycan bölgədə lider dövlət olmaq üçün böyük potensiala malikdir. Demokratik islahatların aparılması yönündə atılan addımlar Azərbaycanın bu böyük potensialının reallaşmasına yardım edəcək».
Azərbaycan rəsmilərisə bəyan edirlər ki, ölkədə söz azadlığı təmin olunur, diffamasiya haqda qanunun qəbulu, böhtanla bağlı maddənin CM-dən çıxarılması isə hələlik tezdir.
Ötən həftə «Freedom House» təşkilatı azad sözün durumuna görə, Azərbaycanı qeyri-azad ölkələr sırasına salmış, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi isə jurnalistlərin ən çox təqib olunduğu on ölkə sırasına daxil etmişdi.

5.05.2007

Dünya iki yazarın müdafiəsinə qalxdı

Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsi beynəlxalq qurumları hiddətləndirib
05.05.2007. Mayın 4-də Səbayel Rayon Məhkəməsi “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunu 4, yazar Rafiq Tağını 3 illiyə azadlıqdan məhrum edib. Hər iki jurnalist irqi, milli, dini ədavəti qızışdırmaqda ittiham edilirlər. Artıq məhkəmənin ədalətsiz və absurd qərarı beynəlxalq təşkilatlar tərəfindən də hiddətlə qarşılanıb. Nüfuzlu “Sərhədsiz Reportyorlar” Təşkilatı dünən yaydığı bəyanatda məhkəmənin hökmünü qəti şəkildə pisləyib: “Bu hökmlər Azərbaycanda azad sözə təhlükənin səviyyəsini göstərir. Biz Azərbaycan hökumətini mərhəmət göstərməyə, bu iki jurnalisti azad etməyə çağırırıq”. Daha bir etiraz bəyanatı qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsindən (JMK) gəlib. Təşkilat bəyanatında iki yazarın haqqındakı məhkəmə hökmünü pisləyib. JMK-nin icraçı direktoru Coel Saymon deyib: “Rafiq Tağı və Samir Sədaqətoğlunun fikrini ifadə etmək hüququ var. Ola bilsin ki, bəzi oxucular bu məqalənin onları təhqir etdiyini düşünürlər, ancaq jurnalisti yazısına görə həbs etmək olmaz. Biz Azərbaycan hökumətini hər iki jurnalisti azad etməyə çağırırıq”.

4.05.2007

Məhkəmənin hökmü ilə Rafiq Tağıya 3 il, Samir Sədaqətoğluna isə 4 il iş verilib

04.05.2007. Bu gün Səbayel Rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun və yazıçı-publisist Rafiq Tağının işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesin əvvəlində vəkil İsaxan Aşurov vəsatət qaldıraraq, ötən prosesdə insident yaradan bir qrup dindarın məhkəmə zalından çıxarılmasını tələb edib. Lakin vəsatət təmin olunmayıb. Daha sonra sərbəst ifadə vermək üçün söz istəyən R. Tağı dövlət ittihamçısı Fərhad Rəhimovu Konstitusiyanı pozmaqda günahlandırıb və özünün günahkar olmadığını bildirib. Hakim məhkəmə istintaqının bitdiyini elan etdikdən sonra dövlət ittihamçısı ittihamnaməni oxuyub. O, məhkəmə zamanı hər iki şəxsin cinayətinin sübut olunduğunu bildirərək, R.Tağının CM-nin 283.1 maddəsi ilə 4 il, S.Sədaqətoğlunun isə CM-nin 283.2.2 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslər son sözlərində özlərini günahkar saymadıqlarını bildiriblər. Müşavirədən sonra hakim Y.Kərimov məhkəmənin qərarını elan edib. Məhkəmənin hökmü ilə R.Tağı 3 il, S.Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.Prosesdə iştirak edən ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Rebekka Nedland məhkəmənin hökmündən sonra jurnalistlərə açıqlama verib. R.Nedland bildirib ki, ABŞ səfirliyi R.Tağının öz məqaləsində ifadə etdiyi fikirlərlə şərik deyil: “Lakin biz onun və hər bir Azərbaycan vətəndaşının öz fikrini azad şəraitdə ifadə etmək hüququnu dəstəkləyirik. Bu qərar Azərbaycanda söz və mətbuat azadlığına qoyulan və bizi narahat edən lüzumsuz məhdudiyyətlərin növbəti nümunəsidir”.

Əli İnsanov Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarıldı

04.05.2008. Keçmiş səhiyyə naziri, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Əli İnsanov Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən azad edilib.
Ə. İnsanovun vəkili Ağaveys Şahverdi
APA-ya bildirib ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında məhkəmənin bununla bağlı təqdimatına baxıb və Rəyasət Heyətinin bütün üzvləri eks-nazirin həqiqi üzvlükdən azad edilməsinin lehinə səs verib. Bununla Ə. İnsanovun heç nə itirmədiyini deyən A. Şahverdi bildirib ki, eks-nazir AMEA-dan başqa, daha 4 ölkədə akademiya üzvüdür. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün hələlik qüvvəyə minmədiyini də diqqətə çatdırıb: “Hökm Apellyasiya Məhkəməsinin qərarından sonra qüvvədə sayılır. Bu işdə tələskənliyə yol verilib. Bununla yanaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə Əli İnsanovun AMEA-nın həqiqi üzvlüyündən azad edilməsi barədə müddəa olmayıb”. O, müdafiə etdiyi şəxslə məsləhətləşəndən sonra bu məsələ ilə bağlı müvafiq addımların atılacağını da vurğulayıb.